Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) «Güzəştli mənzil» sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasını istifadəyə verib.
FED.az-ın məlumatına görə, bu yenilik MİDA-dan mənzil almaq istəyən istifadəçilərə imkan verəcək ki, həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olsunlar. Eləcə də, yeni sınaq sistemi istifadəçilərə elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
«Güzəştli mənzil» sistemində elektron kabineti olan vətəndaşlar «Elektron hökumət» portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 2023-cü il iyulun 28-də saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.
Bununla yanaşı, MİDA vətəndaşlara bir daha xatırladır ki, sınaq versiya ilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.