Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsi ilə bağlı qərar - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov müqavilələrin əhəmiyyəti, işçi ilə müqavilə bağlanmadığı hallarda işəgötürənlərin məsuliyyəti kimi məsələlərə aydınlıq gətirib:
Əmək müqaviləsi ilə bağlı əsas məqamlara qısa başlıqlar halında nəzər yetirək:
- İşçi ilə işəgötürən arasında əmək münasibətlərini tənzimləyir.
- Fərdi qaydada bağlanılır.
- Yazılı formada bağlanılır.
- Elektron informasiya sistemində qeydiyyata alınıb imzalanmasından sonra qüvvəyə minir.
- İki nüsxədən az olmayaraq bağlanılır.
- Müddətli və ya müddətsiz bağlana bilər.
- Məzuniyyət, əməkhaqqı, iş vaxtı və s. kimi məsələləri özündə ehtiva edir.
- Minimum hansı müddətə bağlanması ilə bağlı məhdudiyyət yoxdur.
- 3 aydan artıq olmayaraq, sınaq müddəti müəyyən edilməklə bağlana bilər.
- İş daimi xarakterə malik olduğu halda, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən olunmuş hallar istisna edilməklə, müddətsiz formada bağlanmalıdır.
Bəzi hallarda işçilərlə əmək müqaviləsi bağlanılmır və ya onlar faktiki olaraq əmək münasibətinə cəlb olunsalar da mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilir. Belə olduqda işçi qanunla müəyyən edilmiş bir sıra hüquq və imtiyazlardan məhrum olur, müəssisə isə müvafiq orqanlar tərəfindən müxtəlif inzibati və cinayət məsuliyyətinə cəlb olunur.
Qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar əmək müqaviləsi əsasında çalışanlara şamil edilir. Yəni, kimsə qeyri-formal məşğul şəxsdirsə və mülki-hüquqi müqavilə əsasında xidmət göstərirsə, həmin güzəşt və imtiyazlardan məhrum olur.
Əmək Məcəlləsinin 3-cü maddəsində işçi anlayışına aydınlıq gətirilib. Həmin maddəyə əsasən, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Göründüyü kimi, işçinin faktiki olaraq hər hansı bir işəgötürənlə əmək münasibəti olmasına baxmayaraq, o, qeyri-formal formada çalışırsa və ya mülki-hüquqi müqavilə əsasında çalışırsa, bu halda o, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi hesab edilmədiyi üçün əmək qanunvericiliyi üzrə müəyyən olunmuş hüquqlar ona şamil edilmir.
Bəs bu güzəşt və imtiyazlar hansılardır?
1. Minimum əməkhaqqından az olmayan əməkhaqqı almaq təminatı olmur.
Əmək müqaviləsi əsasında çalışan işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdır. Lakin əmək müqaviləsi bağlanmadığı halda, işçinin gəliri hər hansı bir minimum hədlə məhdudlaşmır və ona minimum əməkhaqqından az ödəniş də edilə bilər.
2. Əsas məzuniyyət hüququnu itirir
Əmək müqaviləsi əsasında çalışan işçinin Əmək Məcəlləsində müəyyən olunmuş məzuniyyətlərdən istifadə hüququ vardır. Bunlara ödənişli əmək məzuniyyəti, təhsil və yaradıcılıq məzuniyyəti, sosial məzuniyyət və ödənişsiz məzuniyyəti göstərmək olar. Əmək müqaviləsi bağlanmadığı halda, işçi müəyyən olunmuş məzuniyyətlərdən istifadə etmək hüququnu itirir.
3. Əlavə məzuniyyət hüququna malik olmur
İş stajı hesablanmadığı üçün staja görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət və uşaqlara görə əlavə məzuniyyət hüququnu itirir.
4. Aylıq əməkhaqqı almaq hüququnu itirir
Əmək müqaviləsi əsasında çalışan işçiyə ayda bir dəfədən az olmayan müddətdə əməkhaqqı verilməlidir. Lakin əmək müqaviləsi bağlanmadığı halda, işçinin belə bir hüququ olmur və ödənişin olunmaması halında çətinliklə üzləşir.
5. Əmək stajı hesablanmır
Əmək müqaviləsi əsasında 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində əmək kitabçası açılır. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək müqaviləsi bağlanmadığı halda, işçinin iş müddəti əmək kitabçasında əks olunmadığı üçün ona əmək stajı hesablanmır.
6. Pensiya təminatından məhrum olur
Əməkhaqqının bəyan edilməməsi və əməkhaqqından tutulmaların aparılmaması nəticəsində sosial sığorta stajı və pensiya kapitalı formalaşmır və gələcəkdə pensiya təminatı hüququnu itirmiş olur.
7. Əmək qabiliyyətinin itirilməsinə görə müavinət ala bilmir
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək müqaviləsi bağlanmadığı halda, işçinin belə bir hüququ olmur.
8. Bədbəxt hadisə və peşə xəstəliklərinə qarşı sığorta olunmaq və müavinət almaq hüququ itirilir
İşəgötürən öz hesabına qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsi olmadıqda isə belə bir hüquq formalaşmır.
9. Əmək müqaviləsinə istənilən vaxt xitam verilə bilməz
Əmək müqaviləsinə xitam verilərkən müvafiq əsaslarda xəbərdarlıq müddətləri müəyyən olunur və işəgötürən müvafiq əsaslandırma etməlidir. Lakin əmək müqaviləsi olmadan çalışan şəxsin işinə istənilən vaxt xitam verilə bilər.
10. İstirahət hüququ pozulur
Əmək Məcəlləsində işçinin gündəlik və həftəlik iş və istirahət vaxtının hədləri müəyyən edilib. Əmək müqaviləsi olmadan çalışan şəxslər müəyyən edilmiş normadan artıq çalışır, bununla da onun istirahət hüququ itirilir.
11. Əməkhaqqına əlavələr almaq hüququnu itirir
Müəyyən olunmuş iş vaxtından artıq çalışmağa, gecə vaxtı işləməyə, iş günü hesab edilməyən bayram günlərində çalışmağa və əmək şəraitinin ağırlığı səbəbindən müəyyən olunmuş əlavələr əldə etmək hüququndan məhrum olur.
12. Son haqq-hesab almaq hüququndan məhrum olur
Əmək müqaviləsinə xitamverilmə əsasından asılı olaraq, işdənçıxarma müavinətləri, xəbərdarlıq əvəzinə müavinətlər, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya nəzərdə tutulur ki, əmək müqaviləsi olmadan çalışan işçinin işinə xitam verildiyi zaman qeyd edilən ödənişləri almaq hüququ itirilmiş olur.
13. Təhlükəsiz əmək şəraitində işləmək hüququnu itirir
Əmək Məcəlləsində isti və soyuq havalarda işin dayandırılması, əməyin mühafizəsi qaydaları və təhlükəsiz əmək şəraitinə dair normalar müəyyən edilir ki, əmək müqaviləsi olmadan çalışan işçi bu hüquqlarını da itirmiş olur.
14. İpoteka və digər kredit məhsullarından istifadə edə bilmir
İpoteka və digər kredit imkanlarından istifadə etmək üçün maliyyə qurumlarına müraciət edildikdə rəsmi iş yerinin olmaması və gəlirlərinin sübuta yerilməməsi səbəbindən ona imtina edilir.
15. Məhkəmə və digər qurumlarda hüquqlarının müdafiəsi
Əmək müqaviləsi ilə çalışan işçinin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və imtiyazlarından məhrum olduğu halda, pozulmuş hüquqlarını məhkəmə və digər qurumlarda bərpa etmək imkanı vardır. Lakin əmək müqaviləsi olmadan çalışan işçi pozulmuş hər hansı hüququnun bərpa edilməsi üçün məhkəmə və digər orqanlarda vəsatət qaldırmaqda çətinlik çəkir.
16. Daimi iş və gəlir qayğısı ilə yaşamaq riski
Əmək müqaviləsi ilə çalışan işçi üçün Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilmənin müəyyən əsasları nəzərdə tutulub. Bu qaydalarda əmək müqaviləsinə xitam verilərkən müəyyən xəbərdarlıq müddəti və kompensasiyalar müəyyənləşdirilib. Bununla ən azından əmək müqaviləsinə xitam veriləcək işçinin özünə yeni iş yeri axtarmaq imkanı olur və gəlirsizlik qorxusundan müəyyən qədər sığortalana bilir. Əmək müqaviləsi olmadıqda isə hər gün “sabahdan işə gəlmə” deyiləcəyi qorxusu ilə işdən çıxarılma riski və ehtimalı mövcud olur və bu hallarda da işçi işəgötürənin əlavə tələblərini yerinə yetirməyə məcbur olur.
17. İş vaxtı rejiminə riayət edilmir
Əmək Məcəlləsinə görə, müəyyən hallar istisna edilməklə işçinin iş vaxtı gündəlik 8 saatdan artıq ola bilməz. Müəyyən edilmiş iş vaxtından artıq işə cəlb olunarsa, bu, iş vaxtından artıq iş hesab edilir və bu halda azı saatlıq tarif maaşının iki misli həcmində əlavə ödəniş edilir. Lakin əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilər gündəlik müəyyən olunmuş normadan daha çox işə cəlb edilir və buna görə hər hansı əlavə ödəniş ala bilmir.
18. İş yeri və orta əməkhaqqının saxlanması hüququnu itirir
Əmək Məcəlləsində bir neçə hal müəyyən edilib ki, bu hallarda işçi iş yerində olmadığı halda belə, iş yeri saxlanılır və ona orta əməkhaqqı ödənilir. Əmək müqaviləsi bağlanmadığı halda isə işçinin belə bir hüququ olmur, işdə olmadığı müddətdə ona əməkhaqqı ödənilmir və iş yerinin saxlanılması hüququ itirilir.
İşçilərlə əmək müqaviləsi bağlamadan onları əmək fəaliyyətinə cəlb edən işəgötürənləri hansı risklər gözləyir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə bir neçə qanunvercilik aktında məsuliyyət nəzərdə tutulur. Bunlar Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsidir.
- Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə - hər bir belə şəxs üzrə təqvim ili ərzində bu hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
- İnzibati Xətalar Məcələsində nəzərdə tutulmuş məsuliyyət
İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.
- Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət
Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunur.
Qeyd edək ki, yuxarıdakı maddədə “xeyli sayda” dedikdə, 10 nəfər və ondan çox işçilərin sayı nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilir. (Vergilər.az)