Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir. Daha bir neçə beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin (DVX) Portalında vergi uçotuna alınıb.
Azərbaycan xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV məbləği qaytarıb
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumata görə, “Elsevier BV”, eləcə də “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkətin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il iyulun 1-dən qüvvəyə minib.
“Elsevier BV” elmi nəşriyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət, əsasən elmi, texniki və tibbi sahələr üzrə akademik jurnalların, kitabların və rəqəmsal resursların nəşri ilə məşğuldur. Niderland Krallığında qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir. “Match Group” şirkətlər qrupuna daxil olan digər 2 şirkət isə dünyanın bir çox ölkəsində milyonlarla istifadəçiyə xidmət göstərir və sosial platformalar arasında liderlər sırasındadır.
Qeyd edək ki, bundan əvvəl “Apple Distribution International Limited” , “Adobe Systems Software Ireland Limited” və “Sony Interactive Entertainment Network Europe Limited” şirkətləri də Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.