İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixracını artırır.
FED.az xəbər verir ki, bu məqsədlə ötən həftə ABŞ şirkətləri ilə yerli istehsalçıların görüşləri təşkil olunub.
Hazırda portalın dəstəyi ilə ABŞ bazarına Azərbaycanın aqrar sənaye məhsulları, həmçinin müxtəlif qənnadı məmulatları ixrac edilir. İxrac olunan malların həcmi və çeşidini artırmaq üçün işlər aparılar.
Belə ki, “Azexport” portalının dəvəti ilə ABŞ-da yerləşən bir sıra idxalçı şirkətin nümayəndəsi ötən həftə Bakıya səfər edib. Onlar respublika ərazisində 15-dən artıq istehsal və emal müəssisəsində olublar. Görüşlər əsasən qənnadı məhsulları (tort, ekler, vafli, peçenye), mineral su, spirtsiz içkilər, meyvə şirələri, hazır qidalar, konservləşdirilmiş və dondurulmuş meyvə-tərəvəz, ədviyyat və quru meyvə sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri ilə baş tutub.
Qeyd edək ki, səfər çərçivəsində ölkədə xarici investisiya əsaslı, ixrac yönümlü məhsul istehsalı ilə məşğul olan müəssisənin qurulması imkanları da araşdırılıb. Növbəti mərhələdə idxalçı şirkətin ABŞ bazarı üçün öz məhsullarını Azərbaycanda istehsal etməsi nəzərdə tutulub.