Bu ilin ilk 7 ayında Azərbaycana 113,6 milyon dollar həcmində 16 min 634 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 28,3 milyon dollar və ya 33,2%, miqdar ifadəsilə isə 576 ton, başqa sözlə 3,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 85,3 milyon dollar dəyərində 16 min 57 ton bu qəbildən olan məhsul idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi kərə yağının 1 kiloqramının orta idxal qiyməti 11 manat 61 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 2 qəpik idi. Bu da illik müqayisə ilə 2 manat 59 qəpik və ya 28,7% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 0,83%-ü kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,79% olub.