Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən Bakıda 2023-cü ilin yanvar-iyun aylarında 29,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilib.
Bakıya 6 ayda investisiya qoyuluşu - 4 MİLYARD MANATI KEÇİB
Bakı Şəhər Statistika İdarəsindən FED.az-a bildirilib ki, sənaye məhsulunun 80,5 faizi mədənçıxarma sektorunda, 16,7 faizi emal sektorunda, 2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,2 faiz artıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda qida məhsullarının istehsalı 30,1 faiz, içki istehsalı 13,9 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 6,8 faiz, kağız və karton istehsalı 3,3 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, neft məhsullarının istehsalı 21,8 faiz, tikinti materiallarının istehsalı 12,1 faiz, hazır metal məmulatların istehsalı 81,2 faiz, elektrik avadanlıqlarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 39,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,9 faiz, mebellərin istehsalı 2,3 dəfə artıb, tütün məmulatlarının istehsalı 22,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 8,4 faiz, geyim istehsalı 38,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 55 faiz, kimya sənayesi 14,5 faiz, əczaçılıq məhsullarının istehsalı 15,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 41,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 60,7 faiz, maşın və avadanlıqların istehsalı 16,2 faiz, sair sənaye məhsullarının istehsalı 38,9 faiz, maşın və avadanlıqlarının quraşdırılması və təmiri işləri isə 46,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 14,5 faiz artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2023-cü il iyulun 1-i vəziyyətinə 425,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.