Respublika Quşçular Cəmiyyəti yumurtanın pərakəndə satış qiymətində müşahidə olunan artıma münasibət bildirib.
FED.az xəbər verir ki, cəmiyyətin sədri Aydın Vəliyev bildirib ki, hazırda qiymətin artması üçün heç bir zəmin yoxdur: "Dəqiq deyə bilərəm ki, istehsalçılar tərəfindən qiymət artımı barədə qərar qəbul olunmayıb. Qiymətlər əvvəlki səviyyədədir. Ən son məlumata əsasən, istehsalçılar 360 ədəd yumurtanı 42 manata satır. Beləliklə, 1 ədəd yumurtanın qiymətinin 11-12 qəpik arasında formalaşmasından xəbər verir. Qiymət artımına işbazlar səbəb olur. Necə deyərlər, işbazlar tərəfindən əldən-ələ və ya başqa ad altında yumurtanın satılması bu cür fəsadlar verir. İşbazlar qiyməti artırır, sonra da məsuliyyəti atırlar istehsalçıların üzərinə. Halbuki, istehsalçı bazar üzü görmür. Bir daha qeyd edirəm ki, hazırda qiymət artımı üçün heç bir zəmin yoxdur. Əksinə, biz yumurta ixracı üçün yeni bazarlar axtarırıq, çünki daxili bazarda tələbatı tamamilə ödəyirik".
Qeyd edək ki, hazırda bəzi marketlərdə 1 ədəd fabrik yumurtasının qiyməti 15 qəpiyə, kənd yumurtasının qiyməti isə 24 qəpiyə çatıb.