Paytaxtda fəaliyyət göstərən restoranların əksəriyyəti yeni il ilə bağlı olaraq özəl yeni il gecəsi şənliyi tərtib edib. Bu restoranlarda qiymətlər müxtəlif olsa da yerlərin bir hissəsi indidən bron edilib.
FED.az olaraq restoranlardakı yeni il qiymətləri, yerlərin tutulma dərəcəsi və təklif olunan endirimlərlə maraqlandıq.
Yeni il tədbiri 3 ayrı zalda keçiriləcək – “Çanaqqala Restoran”
Təbriz küçəsi 35 ünvanında yerləşən Çanaqqala restoranında keçiriləcək Yeni il şənliyi restoranın 3 ayrı zalında baş tutacaq. 250 nəfərlik şou zalında qiymət 100 manat, 100 nəfərlik Kamelot zalında 80 manat, 160 nəfərlik Muğam zalında isə 60 manatadır. 6 yaşa qədər olan uşaqlara 50% endirim ediləcək.
Restoranın administratoru Rafiq Əliyevin saytımıza verdiyi açıqlamaya görə, bu restoranda yeni il şənliyi üçün artıq 30%-dək yerlər tutulub.
Yeni il tədbiri təxirə salına bilər – “Muğam Klub”
Həqiqət Rzayeva 9 ünvanında fəaliyyət göstərən Muğam Klub restoranında isə yeni il tədbirinin keçirilməsi sual altındadır. Restorandan bildirdilər ki, burada yeni il ilə bağlı şənliyin keçirilməsi planlaşdırılıb. Amma biletlər az satıldığı üçün bu şənliyin keçirilməsi təxirə salına bilər.
Restorandan onu da bildirdilər ki, yeni il tədbirinin keçirilməsi üçün nəzərdə tutulan zal 90 nəfərlikdir. Buradakı qiymətlər isə 220-270 manat arası dəyişir. Məlumata görə, tədbir biletləri bir müddətdir ki, satışa çıxarılsa da, sadəcə 10-12 yer satılıb.
1-2 dənə boş yer qalıb – “Zeytun Restoran”
Park Bulvarda yerləşən Zeytun restoranında da baş tutacaq yeni il tədbiri 3 ayrı zalda keçiriləcək. Burada furşet masaların yer aldığı zal üçün təyin olunan qiymət 50 manatdır və bu zal üçün bütün yerlər dolub. Teras üçün qiymət 100 manatdır və burada da yerlər tamamilə satılıb. VIP zal üçün qiymət isə 150 manatdır və burada çox az sayda yer boş qalıb.
Oturma yerinə görə qiymət dəyişir – “İmperial Restoran”
Asif Məhərrəmov 1 ünvanındakı İmperial restoranındakı yeni il şənliyi 400 nəfərlik zalda keçiriləcək. Bu restoran 80 manat, 100 manat, 150 manat olmaqla 3 fərqli qiymət təklif edir. Restorandan dedilər ki, bu qiymətlər restorandakı oturma yerinə görə fərqlənir. Məlumata görə, burada yerlərin 50%-i satılıb.
Yeni il şənliyi qiymətləri endirilib – “Bakinskiy Ray”
Lev Tolstoy 187 ünvanında yerləşən “Bakinskiy Ray” restoranı isə yeni il şənliyi ilə bağlı tədbir üçün əvvəlcə təqdim etdiyi qiymətlərə endirim edib. Belə ki, ilk günlər 200 manata olan qiymətlər, artıq 120 manatadır. Restoran bunu yerlerin tam dolmaması ilə izəh ediblər. 70 nəfərlik zalda keçirilməsi planlaşdırılan yeni il tədbiri üçün yerlərin 50%-i tutulub.
Adam sayına görə qiymət endirimi olacaq – “Sərin Restoran”
Babək prospekti 65 B ünvanında fəaliyyət göstərən “Sərin” restoranında keçiriləcək yeni il şənliyində iştirak etmək istəyənlərin sayına görə qiymətdə endirim ediləcək. Belə ki, yeni ili “Sərin” restoranının 500 nəfərlik zalında keçirmək istəyənlər 200 manat ödəməlidirlər. Amma müraciət edənlərə sayından asılı olaraq 120 manata qədər endirim olunması mümkündür. Restorandan bildirdilər ki, müraciət edənlər çoxdur və yerlərin 70%-i artıq bron edilib. 5 yaşa qədər olan uşaqlar pulsuz, 10 yaşa qədər olan uşaqlar isə 50% endirimlə iştirak edə biləcəklər.
Yerlərin 80%-i satılıb – “JW Marriott Absheron”
“JW Marriott Absheron”da yerləşən restoranlarda da yeni il şənliyi keçiriləcək. 100 və 120 nəfərlik restoranlarda qiymətlər 110-150 manat olaraq dəyişir. “JW Marriott Absheron”dan bildirdilər ki, yerlərin 80%-i satılıb.
400 yer tutulub – “Oazis” Restoran
Şövkət Məmmədova küçəsi 24 ünvanında yerləşən “Oazis” restoranında isə yeni il şənliyi 1500 nəfərlik zalda keçiriləcək. Qiymətlər 100-150 manat olaraq dəyişir. Bu qiymətlər bütün yaş kateqoriyası üçün eynidir. Restorandan bildiridlər ki, 400 yer bron edilib.
Yerlərin yarısından çoxu tutulub – “Xalça Restoran”
Neftçilər prospektində yerləşən Xalça Restoranda yeni il şənliyi 60 nəfərlik zalda keçiriləcək. Burada qiymətlər 150 manatdır. Restorandan bildirdilər ki, 70%-dək yer satılıb.
Yeni il biletləri 3 gün endirimlə satılacaq – “Eleven Restoran”
Azadlıq prospekti 1 ünvanında fəaliyyət göstərən “Eleven” restoranda keçirilməsi nəzərdə tutulan yeni il şənliyi 450 nəfərlik zalda baş tutacaq. Burada da yerə görə qiymət dəyişir. Belə ki, furşet üçün nəzərdə tutulan qiymət 80 manat, adi masalar üçün qiymət 200 manat, VIP yerlər isə 400 manatdır. Restorandan bildirdilər ki, 400 manata təqdim olunan VIP qiymətlər dekabrın 26, 27 və 28 endirimlə, yəni 280 manata təqdim olunacaq.
Aldığımız məlumata görə, burada da 80% yer satılıb.
Yeni İl üçün yerlərin hamısı tutulmayıb – RESTORANLAR ENDİRİM EDİRLƏR
17:27
26 Dek 2017