Türkmənistanda çörək və başqa gündəlik tələbat mallarının qiyməti qalxıb.
“CA-NEWS”un yazdığına görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tərəfsizlik Günü və Yeni il bayramları ərəfəsində ölkədə ərzaq bolluğu yaratmaq məqsədi ilə hökumətə bir sıra tapşırıqlar verib.
İnformasiyaya əsasən, xaricdə istehsal olunan quş budunun dövlət mağazalarında satış qiyməti 8 manat (2,3 dollara) müyyən edilib. Bu məhsuldan isə bir nəfər yalnız bir kilqram ala bilər. Bazarda isə quş budunun satışı məhudiyyətsizdir və qiyməti 10 manatadır (100 yeni türkmən manatı 28,571 dollardır).
Məlumata görə, 0,4-0,5 kq çörəyin qiyməti isə bir manatdan (0,29 sent) 1,4 manatadək (0,43 sent) qalxıb. Bir həftə əvvəl südlü çörəyin qiyməti 2 manat (0,57 sent) olubsa, hazırda 3-3,5 manatadır (0,86 sent – 1 dollar).
Ölkədə birinci növ un demək olar ki, tapılmır. Əla növ unun 50 kq-nın qiyməti 70 manat olsa da bunu hər yerdə tapıb almaq mümkün deyil.
Ölkədə tərəvəzin, meyvənin, konfetin, eyni zamanda sənaye mallarının, uşaq geyimlərinin də qiymətinin təxminən iki dəfə qalxdığı haqda məlumat yayılıb.