Artq ölkəmizdə 7 günlük Novruz tətili arxada qalıb və bu gündən etibarən rəsmi iş gününə start verilib. Əvvəlki illərə nəzər salsaq görərik ki, tətil ab-havası hələ bir neçə gün davam edir və işə adaptasiya çətin olur...
FED.az bu məqamda məşhur psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib. Psixoloq bildirib ki, tətildən sonra işə adaptasiya olma prosesi şəxslərə görə dəyişir. Bu hal xüsusilə sevmədiyi bir işlə məşğul olan insanlarda özünü daha çox biruzə verir:
“Bayramdan sonra işçilərdə yaranan vəziyyət onun işi necə sevməsindən asılıdır. Əgər bir işçi sevdiyi işlə məşğul olursa, tətil müddətində də işindən qopa bilmir. Yəni, evdə otursa da, işlə bağlı nələrisə etməyə çalışır. Onun istirahəti belə passiv istirahətdir. Yox əgər sevdiyi iş deyilsə, bu zaman işçi tətildən qayıtdıqdan sonra adaptasiyada çətinlik çəkir, işə uyğunlaşa bilmir. Bir də var xroniki yorğunluq sindromu. Ola bilər ki, insan sevdiyi işlə məşğuldur, ancaq bir müddətdən sonra işdən zövq almamağa başlayıb. Bunun üçün onlara aktiv istirahət tövsiyə olunur. Tətildən sonra da onlar iş bölgüsünə uyğun olaraq davranmalıdırlar. Çox vaxt insanlar tətilqabağı işləri saxlamağa üstünlük verir. İşə qayıtdıqdan sonra isə nə edəcəyini bilmir və çətinliklə qarşılaşırlar. Bu zaman müxtəlif bəhanələrlə işdən yayınmağa başlayırlar və depressiyaya düşürlər”.
Psixoloqun sözlərinə görə, hələ ki, ölkəmizdəki iş mühitini Avropa ölkələri ilə müqayisə etmək tezdir:
“Həm iş mühiti, həm işdəki münasibət, həm də işin tələblərinə uyğun olaraq çalışmaq, əlbəttə ki, Avropa ölkələri ilə müqayisə olunmaz. Ancaq bir-iki il öncəyə baxdıqda hazırda ölkəmizdə müsbət irəliləyişin olduğunu görə bilərik. Artıq hamı başa düşür ki, sahədən asılı olmayaraq mütəxəssis olmaq lazımdır. Bu gün işçilərimiz treninqlərdə, kurslarda iştirak edərək özlərinə yatırım edir. Bu da işin keyfiyyətinə, işçinin məvacibinə, həyat şəraitinin yaxşılaşdırılmasına yardımçı olur. Belə olan təqdirdə də işçidə işinə qarşı sevgi yaranır”.
Bu arada qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən ölkəmizdə bayramlarla əlaqədar olaraq 19 qeyri-iş günü var.
Bunlar Yeni il, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələri Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramıdır.
YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Hazırda dünya ölkələrində bu rəqəmin necə dəyişdiyinə nəzər salaq:
Araşdırmalara əsasən, dünyada ən çox qeyri-iş günü olan ölkə Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Onu da qeyd edək ki, İranda həmin 21 gündən 14-ü elə Novruz bayramının payına düşür. Siyahıya nəzər saldıqda bayram günləri ilə əlaqədar Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada və Türkiyədə isə 15 qeyri-iş müəyyənləşdirildiyini görə bilərik.