Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib.
FED.az xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda bildirilir.
Bunun göstəricisi kimi, sosial sığorta daxilolmalarının həcmi:
-2017-ci ildə 2 milyard 85,7 milyon manat,
-2018-ci ildə 2 milyard 327,1 milyon manat,
-2019-cu ildə 2 milyard 921,6 milyon manat,
-2020-ci ildə 3 milyard 553,2 milyon manat,
-2021-ci ildə isə 3 milyard 843,4 milyon manat təşkil edib.
Göründüyü kimi, qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3% və ya 1 milyard 757,68 milyon manatlıq artım baş verib.
"Bu artımın əsasında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri, o cümlədən məşğulluq imkanlarının vəəmək haqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi dayanır",- məlumatda vurğulanır.
Qeyd olunan daxilolmaların ötən il 63,5%-i və ya 2 milyard 441,2 milyon manatı özəl sektorunun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1 milyard 103,8 milyon manat və ya 82,5% çoxdur.