Mövzuya keçməzdən əvvəl Vətən torpaqlarının müdafiəsi naminə Şəhidlik zirvəsinə çatan hərbçilərimizə ALLAH (c.c)dan rəhmət diləyirik.
Eləcə də bax: Prezident şəhid generalla polkovnikin ailəsinə - EV VERİB
FED.az məlumat verir ki, bu mövzu çərçivəsində şəhid ailəsi statusu, bu şərəfli statusa çatmış şəxslər üçün nəzərdə tutulmuş təminatlar və qanunvericiliyin mövqeyi barədə izah verməyə çalışacağıq.
Bu şərəfli statusla bağlı münasibətlər Azərbaycan Respublikası qanunvericiliyi ilə birbaşa tənzimləndiyi üçün sadə və qısa izahlar verəcəyik.
Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada (hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında) ölmüş hesab edilən şəxsdir.
Həmçinin göstərilən şəxslər də Şəhid hesab edilirlər:
– 1990-cı il yanvar ayındakı faciəvi hadisələr nəticəsində Bakı, Lənkəran və Neftçalada həlak olanlar
– 11.12.1988-ci ildə Leninakanda təyyarə qəzasında həlak olanlar
– 1988-1990-cı ilin yanvarınadək Azərbaycan Respublikasında Sovet Ordusunun qeyri-qanuni hərəkətləri, manevrləri nəticəsində həlak olan vətəndaşlar
– Düşmənlə sərhəd rayonlarında və Qarabağda düşmən təcavüzü nəticəsində həlak olmuş, itkin düşmüş mülki vətəndaşlar
– Ərazi bütövlüyümüz uğrunda aparılan hərbi əməliyyatlarda həlak olmuş, itkin düşmüş hərbi qulluqçular
– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər
– Dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
Bu şəxslər isə şəhid ailəsi üzvü sayılır:
- ər-arvad,
- valideyn,
- 18 yaşına çatmamış uşaqlar,
- 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları,
- qardaşlar və bacılar,
- uşaq evlərində tərbiyə olunanlar;
- peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək;
- qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Şəhid ailəsi statusu olan şəxslər üçün nəzərdə tutulmuş bir sıra təminatlar aşağıdakı kimidir:
– Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü – hər şəhidə görə 300 manat məbləğində aylıq
Bu təqaüd şəhidin ailə üzvü statusu olan arvadı (əri), valideynləri, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları ilə eyni müddətdə ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
– hərbi qulluqçu (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, vərəsələrə 11000 manat məbləğində Dövlət Sığorta Kommersiya Şirkəti tərədindən sığorta ödənişi verilir.
– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi (gəlir vergisi) tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri və 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadlarının (ərləri) (təkrar nikaha girmiş olmayan) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
– şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı müəyyən edilib və icra edilir.
– bu statusu almış ailə üzvləri sırasında işləyənlər iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən sanatoriya-kurort putyovkası təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).
– Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ
– 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət almaq hüququ
– kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.
– dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar.
– Milli Qəhrəmanların ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 110, şəhid ailəsi üzvlərində isə 93.5 manat əlavələr hesablanır.
– ixtisarla bağlı əmək müqaviləsi xitam zamanı işdə saxlanmağa üstünlük hüququ verilir.
Qeyd edək ki, qanunvericiliklə digər təminatlar da nəzərdə tutulmuşdur.