Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
FED.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, bu il Prezidentin təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdləri isə orta hesabla 100 faiz artırılıb.
Eləcə də bax: Təxminən 13 min nəfər - “GÜZƏŞTLİ MƏNZİL” İSTƏYİR
Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramının da artıq 96% icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vərəsəsinin ödəmə ilə təmin edildiyini bildirib.
V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib.
Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib. 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.
Təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib.