Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir.
FED.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, maaşlar təxmini yeddi dəfə, pensiyalar 10 dəfədən çox artıb:
“Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq.
Eləcə də bax: İlham Əliyevin andiçmə mərasimindəki nitqi
Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.
O bildirib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə çox böyük uğurlara imza atıb:
“Yoxsulluq 50%-dən 5,4 faizə düşüb. Azərbaycanda işsizlik beş faiz səviyyəsindədir.
Baxmayaraq ki, son 15 ildə əhalinin sayı 1,5 milyon artıb, iş yerləri də təxminən o səviyyədə artıb. İş yerlərinin yaradılması məsələsini daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması üçün daha çevik siyasət aparmalıyıq”.