“Ötən gün 2020-ci ilin yanvar ayı üzrə pensiyaların ödənilməsinin Xəzinədarlıq orqanları tərəfindən gecikdirilməsi ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur. Bir qayda olaraq, Xəzinədarlıq orqanları tərəfindən ilk növbədə pensiya, müavinət, təqaüd və digər bu tipli sosial xərclərin maliyyələşdirilməsinin icrası tam və vaxtında təmin olunur”.
Eləcə də bax: Azərbaycanda 2020-ci il üzrə kişilərin və qadınların - PENSİYA YAŞI AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
O qeyd edib ki, cari ilin yanvarın 10-da dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna pensiyaların maliyyələşdirilməsi üçün 190,4 mln manat transfert ayrılıb.
“Yanvarın 14-də isə Fondun sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış transfert və ilin əvvəlinə DSMF-nin qalıq vəsaiti hesabına (98,6 mln manat) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi təmin edilib. Dünən, yanvarın 15-də isə DSMF-nin respublikanın digər şəhər və rayonları üzrə şöbələrinin hesablarına 128,5 mln manat vəsait köçürülüb və bu gün, gün ərzində pensiyaçıların kart hesablarına ödənilməsi tam təmin ediləcəkdir. Beləliklə, pensiyaların maliyyələşdirilməsində heç bir halda gecikmədən söhbət gedə bilməz, əksinə, respublikanın bütün şəhər və rayonları üzrə pensiyaların ödənişi ötən ilkindən 2 gün daha tez olmaqla maliyyələşdirilməsi həyata keçirilib”, - nazirlik rəsmisi bildirib.
Report