Dövlət Statistika Komitəsi ölkədə yeni açılan və bağlanan iş yerlərni açıqlayıb. FED.az xəbər verir ki, 2018-ci ilin birinci yarımili ərzində ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Yeni iş yerlərinin 25,0 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.
Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılmışdır.
Bununla yanaşı, 2018-ci ilin birinci yarımili ərzində ölkədə 22,6 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 91,4 faizi və ya 20 656 iş yeri qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 74,0 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 20,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.