Hüquqi şəxs tərəfindən ovlanılan heyvanların pərakəndə satışının təşkili məqsədilə satış guşələri icarəyə verilərsə, hansı vergi öhdəliyi yaranır?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, əmlakını icarəyə verməklə gəlir əldə edən hüquqi şəxsin sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığına görə, həmin şəxs fəaliyyətini mənfəət vergisinin ödəyicisi kimi həyata keçirməlidir.
Bu zaman icarə fəaliyyətindən əldə olunan gəlirlərdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş, müvafiq sənədlərlə təsdiqlənmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxıla bilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannamə”si vergi orqanına təqdim edilməlidir.
Verginin ödənilməsi isə hesabat ili ərzində hər rüb üzrə cari ödəmələr edilməklə və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son haqq-hesab aparılmaqla həyata keçirilir.
İcarə fəaliyyətindən dövriyyə 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olduqda hüquqi şəxs ƏDV məqsədləri üçün vergi uçotuna duraraq göstərdiyi xidmətlərə ƏDV-ni tətbiq etməlidir.
Qafqazinfo©