2025-ci il ərzində ölkə üzrə 102,5 min yeni iş yeri yaradılıb. Açılan iş yerlərinin 91,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Regional bölgüyə görə, yeni iş yerlərinin 76,5 faizi Bakı şəhərində açılıb. 0,7 faiz Naxçıvan Muxtar Respublikasının, 22,8 faiz isə digər regionların payına düşüb. Regionlar üzrə bölgü belədir: Abşeron-Xızı – 6,6 faiz, Şəki-Zaqatala – 2,7 faiz, Quba-Xaçmaz – 2,5 faiz, Qarabağ – 2,3 faiz, Gəncə-Daşkəsən – 2,1 faiz, Şirvan-Salyan – 1,7 faiz, Lənkəran-Astara – 1,0 faiz, Mərkəzi Aran – 1,0 faiz, Qazax-Tovuz – 0,8 faiz, Şərqi Zəngəzur – 0,8 faiz, Dağlıq Şirvan – 0,7 faiz, Mil-Muğan – 0,6 faiz.
Yaradılan iş yerlərinin 9,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisələrdə, 0,7 faizi isə digər tədbirlər üzrə formalaşıb. Bu isə göstərir ki, məşğulluq artımının əsas hissəsi mövcud biznes subyektlərinin genişlənməsi hesabına baş verib.
Eyni zamanda, 2025-ci ildə 13 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 44,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 21,6 faizi müəssisə və təşkilatların fəaliyyətini dayandırması, 78,4 faizi isə fəaliyyət göstərən müəssisələrdə aparılan ixtisarlarla bağlı olub.
Beləliklə, il ərzində açılan iş yerlərinin sayı bağlanan iş yerlərini xeyli üstələyib və xalis artım təxminən 89,5 min iş yeri təşkil edib.











