Prezident İlham Əliyev Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycan futbolu üçün çox varlı - SPONSOR TAPILDI
FED.az-ın məlumatına görə, sərəncama əsasən Olimpiya Oyunlarında yüksək nəticələrə görə idmançılar və məşqçilər aşağıdakı məbləğdə mükafat alacaq:
- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;
- komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin sərəncamı ilə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği isə aşağıdakı qaydada müəyyən edilib:
- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat
- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat
- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat
- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə).