Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.
FED.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
Eləcə də bax: Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar - ARTIRILACAQ
Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.
Fondun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd edib.
İclasda DSMF-nin fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Trend