Azərbaycanda aparılan sosialyönümlü siyasətin davamı olaraq noyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğulluq” altsistemi əhalinin istifadəsinə verib.
FED.az "AZƏRTAC"-a xəbər verir ki, dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına xidmət edən altsistemin təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14 min 200 vakant iş yeri haqqında məlumat var.
Eləcə də bax: Azərbaycanda -1400-Ə YAXIN YENİ İŞ YERİ - AÇILACAQ
Nazir müavini deyib: "Hazırda işəgötürənlərin bütün mövcud vakansiyaları elektron bazaya daxil etməsi üçün addımlar atılır. Hansı ixtisaslar üzrə işçilərə daha çox tələbatı müəyyən etmək üçün təhlillər aparılır. Bu tələbat daha çox peşələr üzrədir. Artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak üçün müraciət etmək istəyənlər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" alt sistemi üzərindən müraciət edə biləcəklər. İşsizlərin əmək bazarına qaytarılması sahəsində xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək və həmin proses yeni istifadəyə verilən "Məşğulluq" alt sistemində elektronlaşdırılıb".
Onun dediyinə görə, yanvarın 1-dən ölkəmizdə əhaliyə göstərilən sosial xidmətlərin avtomatlaşdırılması nəticəsində indiyədək 16 min vətəndaş pensiya ilə, övladın dünyaya gəlməsi ilə əlaqədar 4 min 700 nəfər sosial müavinətlə təmin olunub.