Azərbaycandakı hotellərin qiyməti dünya üzrə müqayisədə heç də yüksək deyil.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən bazar və bayram günləri ərəfəsində hotellərdəki qiymətlərdə müəyyən qədər artımlar olur: “Amma bu o demək deyil ki, bizdəki qiymətlər digər ölkələrlə müqayisədə bahadır. Bu gün Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olub. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində isə 1000 manatdan yüksəkdir. Yəni hər bir kəs öz cibinə uyğun seçim edə bilər. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparıldığını göstərir”.
Ə.Qarayev qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti artıq bayramları ölkəmizdə keçirməyə qərar verib.
Nazir əlavə edib ki, gələcəkdə ölkədə hotel yerlərinin artırılması üçün işlər davam etdiriləcək: “Bugünkü tələbat özü bunu diqtə edir ki, Azərbaycanda turizm infrastrukturu genişləndirilsin və yeni hotellər tikilsin. Bizə məlumatlar daxil olub ki, bəzi yerlərdə hotellərdə yerlər dolub, insanlar yer axtarır”.
İnsider©
Nazir: Hər bir kəs öz cibinə uyğun seçim edə bilər
10:17
28 Dek 2017