Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Gəncə şəhərində özünüməşğulluq proqramı əsasında yeni yaradılan təsərrüfatlarda olub.
FED.az xəbər verir ki, nazir və şəhər meri İbrahim Kərimovun qurduğu ayaqqabı təmiri və istehsalı, müharibə iştirakçısının ailə üzvü olan Tofiq Vəliyevin qurduğu avtoyağlama və Eldar İsmayılovun qurduğu avtomobil şinlərinin təmiri üzrə xidmət sahələrinə baxıblar. Bu şəxslərə biznes qurmaq üçün avadanlıqları dövlət verib. Məlum olub ki, həmni şəxslər verilmiş aktivlərdən düzgün istifadə edib və özünüməşğulluq fəaliyyətlərini kiçik biznesə çevirə biliblər.
Görüşdə nazir vurğulayıb ki, bu il özünüməşğulluq proqramı bir qədər də genişləndirilib. 2020-ci ildə 12 minədək şəxsin proqramla əhatə olunması nəzərdə tutulub və artıq 12 minə yaxın şəxs də proqrama cəlb olunub. Hazırda bu proses, həmçinin cəlb olunanların mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təminatı davam edir.
Bu il təkcə Gəncədə 266 nəfər özünüməşğulluq proqramına cəlb edilib, onların mühüm hissəsi proqram əsasında öz təsərrüfatlarını qurub. Paralel olaraq
Vətən müharibəsi şəhidlərinin və müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Son bir ayda artıq 5500-dək şəxs bu tədbirlərlə əhatə olunub. Bu dəstək tədbirlərinin də bir istiqaməti həmin insanların özünüməşğulluq proqramı əsasında kiçik bizneslərini qurmasıdır. Məqsəd aztəminatlı ailələrin bu proqram vasitəsilə kiçik biznesə çıxışına şərait yaratmaqdır.