Fevralın 7-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda 2017-ci ildə reallaşdırılan tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün vacib addımlar atılıb.
Əli Əhmədov qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Prezident İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.
İclasda vurğulanıb ki, ötən il əmək müqavilələrinin imzalanması işində artım qeydə alınıb. Təkcə 2018-ci ilin 1 ayında 13 min 665 yeni əmək müqaviləsi imzalanıb. Bu nəticələr də onu göstərir ki, komissiyanın gördüyü işlər öz nəticəsini verməkdədir.
Müzakirələrdə yeni iş yerlərinin yaradılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məsələlərinin prioritet olduğu bildirilib. Həmçinin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən bu istiqamətdə lazımi işlər görülür. Bundan başqa, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək üçün təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.
Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı Komissiya yanında yaradılan işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.