Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) 28 noyabrda Bakıda keçirdiyi toplantıda bu barədə qərar qəbul edilib.
FED.az xəbər verir ki, “Veysəloğlu Qrup”, “AtaHolding”, “Alibayov Kommunikasiya və Konsaltinq”, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Bakcell”, “Bakı Liman”, “Premark”, “UniBank”, “İcbari Sığorta Bürosu”, “İnci Group”, “HED Academy” və bir sıra digər qurumların nümayəndələrinin iştirak etdiyi bu toplantıda APRA-nın 2018-ci ildə keçirəcək “Birinci Bakı PR Forumu”na hazırlıq işləri müzakirə edilib.
APRA-nın İdarə Heyətinin sədri, “Veysəloğlu Qrup”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə “Birinci Bakı PR Forumu”nu Azərbaycanda ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində çalışan mütəxəssisləri bir araya toplaya biləcək bir platforma kimi düşünüldüyünü bildirib. İ. Məmmədzadə “Birinci Bakı PR Forumu”na ilkin hazırlıq işlərinin artıq başladığını və Forumun keçirilməsində maraqlı olan qurumlarla tərəfdaşlıq və əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Hər il keçirilməsi nəzərdə tutulan bu Forum PR mütəxəssislərə bilik və bacarıqlarını inkişaf etdirmək, yerli və xarici təcrübəni müqayisə etmək və xarici PR mütəxəsisslər ilə sıx əlaqələr yaratmağa yardım edəcək.
Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini, PR xidmətləri təklif edən şirkət nümayəndələrini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunub.
“Birinci Bakı PR Forumu” keçiriləcək
16:37
29 Noy 2017