Xəbər verildiyi kimi, iyulun 14-də prezident İlham Əliyev «Ünvanlı dövlət sosial yardımı haqqında» dəyişiklikləri təsdiqləyib.
Eləcə də bax: Azərbaycanda sosial yardım 1 il müddətinə - TƏYİN EDİLƏCƏK
FED.az xəbər verir ki, dəyişikliklər bir neçə məqama aiddir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatğına görə, yeni dəyişikliklər sosial yardımın təyinatı meyarlarını yumşaldacaq, aztəminatlı ailələrin proqrama çıxışını artıracaq, yəni proqramın daha da genişlənməsinə imkan olacaq.
Əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur. Belə ki, əvvəllər ailə yardım almaq üçün yalnız qey diyyatda olduğu yerdə müraciət edə bilərdi, indi bu tələb aradan qaldırılıb.
Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə, genişləndirilib.
Belə ki, bu siraya birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən, 23 yaşınadək əyani təhsil alan əmək qabiliyyətli ailə üzvləri də aid edilib.
Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq, bu dəyişiklik barədə məlumat verilməsi üçün müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Yəni əvvəllər gəlirlərin dəyişməsi ilə bağlı məlumat 7 gün ərzində verilməli idisə, indi bu müuddət 15 gün olub.
Xatırladaq ki, qanuna əsasən, ailə öz gəlirlərinin dəyişməsi barədə məlumat verməsə, amma dövlət qurumu tərəfindən sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
Bundan başqa, məlum olsa ki, ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə düzgün olmayan və ya natamam məlumat verib, onda həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirəcək.
Qanuna digər dəyişikliyə əsasən aztəminatlı ailənin üzvü «Məşğulluq haqqında» qanuna uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi və ona dövlət tərəfindən özünüməşğulluq üçün əmlak verildiyi halda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ məhdudlaşdırılır. Bu məhdudiyyət əmlakın verilməsi müqaviləsinin qüvvədə olduğu vaxtdadək davam edir.
Bununla yanaşı, ünvanlı sosial yardım təyin olunan müddət azaldılıb – indiyədək yardım 2 il müddətinə təyin edilirdisə, bundan sonra 1 il olacaq və həmin müddətdən sonra ailənin vəziyyəti yenidən yoxlanılıb qərar veriləcək.
Qanuna dəyişikliklərə uyğun olaraq, ünvanlı sosial yardımların verilməsi üçün yeni qaydaların layihəsi hazırlanıb.
Layihədə daha maraqlı yeniliklər nəzərdə tutulur. Belə ki, sənədə əsasən, ünvanlı sosial yardım hüququna baxılan zaman ailənin götürdüyü kredit gəlir kimi nəzərə alınmayacaq (indiyə kimi alınırdı) və yardımın təyinatına mane olmayacaq.
Bundan başqa, indiyədək olan qaydalara görə, sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmamalı idi. Yeni qaydalarda isə bu nisbətin 15 faizə çatdırılması nəzərdə tutulub.
Həmçinin yeni Qaydala əsasən, ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb. Ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var.
Qeyd edək ki, son aylarda əlavə olaraq 15 minədək ailə bu proqramdan faydalanmağa başlayıb və indi 85 minə yaxın ailə (350 mindən çox şəxs) bu yardımı alır. Hər ailəyə orta hesabla ayda 225 manat verilir.