Dünyanın məşhur tütün istehsalçısı olan Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Şirkətdən FED.az-a verilən məlumata görə, sayca doqquzuncu olan layihə Ağcabədi rayonunun Pərioğullar kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağcabədi rayon icra hakimiyyəti ilə birlikdə reallaşdırılıb.
Açılış mərasimində çıxış edən Ağbabədi rayon icra hakimiyyətinin nümayəndəsi Səfər Səfərov və MQF-nin Prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin Ağcabədi rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildirdilər. JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirdi. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verildi.
Əhalisinin sayı 2000-ə yaxın olan Pərioğullar kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan və Ağdam rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 30 000-dən çox adam təmiz içməli su ilə təmin edilib.