Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, İşçi qrupunun rəhbəri, nazir müavini Mətin Kərimli iclasda bildirib ki, bu sahədə xidmətlər elektronlaşacaq. Məsələn, işsizlikdən sığorta ödənişi üçün almaq üçün müraciətin elektron formada verilməsi imkanı nəzərdən keçirilməlidir.
Nazir müavini həmçinin işsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün İşçi qrupu tərəfindən görüləcək işləri qeyd edib. M.Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb.
İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, Məşğulluq Mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi qrupunun üzvlərinə konkret tapşırıqlar verilib.