“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə və bununla da pensiya kapitallarını artırmaqda davam edən şəxslərin pensiyalarının yenidən hesablanaraq əhəmiyyətli şəkildə artırılmasına əsas yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, işləyən yaşa görə əmək pensiyaçılarından bu günədək artıq 7,7 min nəfərin aylıq pensiyası orta hesabla 175,7 manat artırılıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 2017-ci il 1 iyul tarixdə edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.
Həmin dəyişikliklərə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bu günədək respublika üzrə 7 min 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1, 35 mln. manat təşkil edib.
Nazirliyin mətbuat xidmətindən bildirirlər ki, hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir.
Qeyd edək ki, qanun bu ilin iyul ayına qədər yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi. Yəni yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər.
İşləyənlərin pensiyaları artırıldı – Qanuna dəyişiklik
11:46
7 Noy 2017