Bu yazımızda 2022-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2021-ci ilə münasibətdə əmək haqqı fondundan tutulmalarda xüsusi bir hal kimi tibbi sığortadakı 50%-lik güzəşti aradan qaldırdığını deməyə əsas verir.
Eləcə də bax: İsşizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti - LƏĞV EDİLİR
Beləliklə 2022-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
– özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Göstərilənləri nəzərə alaraq 2022-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə
- a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN
- b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
- d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN
44+7.5+1.25+5=57.75 AZN
İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 57.75 AZN (2021-ci ildə 55,25 AZN) olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
- a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)
7900 AZN-ə görə 15%, yəni 1185 AZN
- b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
- c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5
44+1185+40.5+160.5=1430 AZN
İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
- a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN
- b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
- c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN
55+6.25= 61.25 AZN
İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq
2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
- a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN
- b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
- c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN
1782+40.5+160.5=1983 manat
İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.
Həmçinin minimum əmək haqqının 300 AZN müəyyən ediləcəyi təqdirdə 2 sektor üzrə hesablamaların da aşağıdakı kimi müəyyən ediləcəyi istisna edilmir:
Özəl sektor
1.3) 300 AZN üzrə
- a) sosial sığorta haqqı – 300 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 15%-i, yəni 15 AZN, ümumilikdə 44+15=59 AZN
- b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN
- d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN
44+15+1.5+6=66.5 AZN
Dövlət sektoru
2.1) əmək haqqı 300 AZN olanlar üçün nümunə
- a) sosial sığorta haqqı – 300 AZN-in 22%-i = 66 AZN
- b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN
- c) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN
66+1.5+6= 73.5 AZN
Müəllif: Şəhriyar Həbilov