Azərbaycanda hər hansı bir müəssisə və təşkilatda siqaret çəkməyə görə həmin müəssisə və ya təşkilatın rəhbəri məsuliyyət daşıyacaq.
FED.az xəbər verir ki, bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, müəssisə və ya təşkilat rəhbəri tütündən istifadə edənlər üçün xüsusi yer təyin etməlidir. Əgər belə yer təyin etmək mümkün olmasa, müəssisə və ya təşkilat rəhbəri həmin ərazidə tütündən istifadəni qadağan edə bilər. Əgər tütün məmulatından istifadə qadağan olunmuş müəssisə və təşkilatda tütündən istifadə edilərsə, buna görə rəhbər məsuliyyət daşıyacaq.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul olunub və dekabrın 1-də keçiriləcək plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.