“KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuon 2018-ci ildə buraxılacaq “Apple” smartfonları ilə bağlı proqnozlarını bölüşüb.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, analitikin fikrincə, 2018-ci ildə “Apple” smartfonları “LTE” mobil rabitə standartının sürətini daha da artıracaq “Intel XMM 7560” və “Qualcomm Snapdragon X20” modemləri ilə təchiz olunacaq. Yeni çiplər “4×4 MIMO” texnologiyasını dəstəklədiyi halda hazırkı nəsil “iPhone” modelləri “2×2 MIMO” texnologiyasından istifadə edir.
Bundan başqa, şirkət analitikinin proqnozuna görə, 2018-ci il “Apple” modelləri 2 SİM kartla işi dəstəkləyəcək. Bu halda hər iki SİM kart bir prosessor dəstindən istifadə etməklə eyni anda “LTE” rejimində işləyə biləcək.
Bir müddət əvvəl Minq-Çi Kuon “Apple” şirkətinin 2018-ci ildə “iPhone X” modeli əsasında üç yeni smartfon buraxacağını bildirib.
Proqnoza görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) “OLED” ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) “LCD” displeylə təchiz ediləcək.
Bildirilir ki, dizayna görə hər üç smartfon “iPhone X” modelinə bənzəyəcək. Bundan başqa, onlar “True Depth” kamerasına malik olacaq.
Ekspertin proqnozuna görə, “LCD” modelinin qiyməti 649-749 dollar arasında dəyişəcək. “OLED” modellərinin ehtimal olunan qiyməti barədə məlumat verilmir.
“KGI Securities” şirkətinin daha əvvəlki proqnozuna görə, “Apple” şirkəti 2018-ci ildə “Touch ID” texnologiyasından (smartfonun barmaq izinə görə blokdan çıxarılması) imtina edərək “Face ID” (smartfon istifadəçisinin sifətini tanıyır) texnologiyasından istifadəyə keçəcək. Bundan əlavə, “OLED” modelləri üçün paslanmayan poladdan təkmilləşdirilmiş korpusun hazırlanacağı gözlənilir.
banker.az©