Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi ərəblərin ölkəmizdə otel biznesinə başlamaq istəyinin olduğunu açıqlayıb. S.Dübəndi deyib ki, indiyədək otel satışı reallaşmasa da, ərəblər bu sahəyə maraq göstərirlər: “Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar “ekonom” kateqoriyalı – iki və üçulduzlu otellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”.
Rieltorlar bildirir ki, otel almaq istəyənlər əsasən qiyməti bir neçə milyon dollara çatan və 4-5 ulduzlu mehmanxanalara maraq göstərirlər. Ərəb iş adamları bu otelləri alaraq, “halal otellər”ə çevirmək, Azərbaycana gələn ərəbləri bu otellərə cəlb etmək niyyətindədirlər.
NBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib ki, bu barədə məlumatları mətbuatdan oxuyub:
“Amma hələlik belə bir faktla rastlaşmamışıq. Ola bilsin ki, bir-iki ərəb otellərə maraq göstərib. Bu da təbiidir. Çünki Azərbaycanda kiçik həcmli otellər məhdud saydadır. Amma buna baxmayaraq, ulduzunun sayı çox olan otellərə nisbətdə gəlirləri daha çoxdur”.
Otellərin gəlirləri böyüyüb
N.İbrahimov qeyd edib ki, qanunlar ərəblərin ölkəmizdə otel sahibi olmasına imkan verir:
“Eyni zamanda, otelini ərəblərə satmaq istəyən sahibkarların olması da istisna deyil. Ümumiyyətlə, hazırda Azərbaycandakı otellərin gəlirləri çox yüksəkdir. Əvvəlki illərdə otellər 20-40 faiz arasında işləyirdi. Bu gün otellərin işləmə faizi 60-ı keçib. 40 faizdən yuxarı işləmə faizi artıq rentabelli sayılır”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, ərəblərin ölkəmizdə otel almaq istəyi kommersiya xarakteri daşıyır:
“Digər tərəfdən, mən buna inanmıram. Çünki turizm biznesi elə bir sahədir ki, orada otellərin hamısının “halal” olması, Ərəbistandan gələn turistlərin hamısının ora cəlb edilməsi qeyri-mümkündür. Birbaşa real görünmür. Biznesin məqsədi pul qazanmaqdır. Bunu əvvəlcədən proqnozlaşdırmaq və sırf halal statusu verməklə oraya turist cəlb etmək olmaz”.
M.Ağakərimov deyib ki, Azərbaycana gələn ərəblərin çoxu öz ölkəsində istədiyini edə bilməyənlərdir:
“Azərbaycana gələn ərəblərin sayı durmadan artır. Onların çoxu əylənməyə, dincəlməyə gələnlərdir. Əksəriyyəti öz ölkəsində reallaşdıra bilmədiyi arzularını burada gerçəkləşdirir. Ərəbər Bakıda daha sərbəstdirlər. İstədikləri yerə, ürəkləri istədikləri adamla gedirlər. Bir halda ki, turistdir və pul xərcləyir. Onlara gözünün üstündə qaşın var deyən olmur. Ərəblərin Azərbaycanda otel almaq istəyi ola bilər, amma bu gerçəkləşəcəkmi? Buna innamıram. Çünki oturuşmuş biznesini kimsə ərəbə verməz ki, “mən qazana bilmirəm, gəl sən qazan”.
Eləcə də bax: Ərəblərin Bakıda 10-15 milyon dollarlıq -«HOTEL OVU»