Azərbaycanda bir qədər əvvəl yaradılmış və Milli Məclisin deputatı Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi (STM) qarşıdakı aylarda digər məsələlərlə yanaşı, ölkə əhalisinin gəlirləri arasındakı fərqləri də araşdıracaq. FED.az xəbər verir ki, Mərkəzin yaxın aylarda görəcəyi işlər müəyyənləşib. Qurumdan verilən məlumata görə, artıq STM-in fəaliyyətini təmin etmək üçün inzibati prosedurlar və təşkilati məsələlər, eləcə də peşəkar kadrların toplanması işləri həll edilib. Mərkəzin əsas vəzifələrindən biri Azərbaycanda sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər məlumat data bazasının yaradılması olacaq. Eyni zamanda Mərkəz aktual problemlərə həsr edilən təklif və tövsiyələri əks etdirən elmi təhlillər də hazırlayır. Cəmiyyətdəki sosial proseslər və dinamika ilə bağlı təhlillər rəhbər və qərar qəbul edən şəxslərə, müvafiq dövlət qurumlarına, idarəetmə orqanlarına yönəldilir.
Mərkəzin 2019-cu ilin ikinci yarımilliyi üçün iş planı hazırdır və qarşıdakı aylarda STM ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlərin təhlilinə başlayır. Onların sırasında məmur-vətəndaş münasibətlərinin vəziyyəti və təkmilləşməsi yolları, sosial təbəqələşmə, regionlarda sosial proseslər, gənclərin və digər həssas qrupların sosial problemləri, özünüməşğulluq məsələsinin monitorinqi və səmərəliliyi, əhalinin gəlirləri arasında fərqlər kimi məsələlər var. Bundan başqa, Mərkəz ailə institutunun və mənəvi dəyərlərin sosial aspektləri, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, yaşlı vətəndaşlara qayğı təminatının qanunvericilik bazasının təhlili, paytaxt şəhərdə urbanistika və aqlomerasiyanın formalaşmasının sosial amilləri, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri, informasiya texnologiyaları və sosial proseslər, süni intellekt fenomeninin sosial aspektləri, cəmiyyətə təsirinin nəticələri və s. Məsələləri araşdıracaq. İndiyədək STM ictimai rəyin öyrənilməsi ilə bağlı 6 sosioloji tədqiqat və rəy sorğusu keçirib, hazırda onun üzərində son hesabat iləri aparılır. Bura əhalinin ölkədə aparılan islahatlara münasibəti, dövlət başçısının sosial sərəncamlarına münasibət və əhalinin gözləntiləri, tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti və sair aiddir. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezidentin sərəncamı ilə yaradılıb. Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucdur. |
A |
Hökumət əhalinin gəlirləri arasındakı fərqi - ARAŞDIRMAĞA BAŞLAYIR
08:44
17 İyul 2019