Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində onların tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.
Nazir müavini bu sahədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin diqqətdə saxlanıldığını, yeni layihənin paytaxtın ən böyük nəqliyyat infrastrukturlarından biri olan metropolitendə onların rahatlıq və məmnunluğu təmin etmək məqsədi daşıdığını söyləyib.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib. Sədr müavini metro infrastrukturun əlilliyi olanlar üçün müyəssərliyinin təmin edilməsi, Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində iki qurum arasında əməkdaşlığa əsas yaratdığını qeyd edib.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Memorandumu imzalayıblar.
Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi “Müyəssər Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin nəqliyyatın bu növündən rahat və maneəsiz istifadəsi sahəsində digər layihələrin hazırlanması və həyata keçirilməsi, nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.
Sənəddə gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün müştərək işçi qrupunun yaradılması da nəzərdə tutulub.