Azərbaycanda bu ilin əvvəlindən indiyədək əmək müqaviləsi ilə çalışanların sayında təqribən 42 min nəfər artım var. FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1 590,7 min nəfər olub, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, ilin əvvəlində iqtisadiyatda çalışanların sayı 1 548,9 min nəfər olub, onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 41,8 min nəfər artıb. Dövlət sektorunda işləyənlərin sayı 14,1 min nəfər, özəl sektorda isə 27,7 min nəfər artıb.