Azərbaycanda əhalinin Yeni İl bayramını keçirməsi və buna sərf edəcəyi vəsaitlə bağlı planları, eləcə də qarşıdan gələn 2022-ci illə bağlı gözləntiləri açıqlanıb.
FED.az xəbər verir ki, Media Təhlil Mərkəzi (MTM) vətəndaşların növbəti ildən gözləntilərini müəyyənləşdirmək məqsədilə 15-20 dekabr tarixləri arasında növbəti sorğu keçirib. Sorğuda iştirak edən 673 nəfərdən 44%-ni qadınlar, 56%-ni kişilər təşkil edib.
Bayramı ailəsi ilə birgə evdə qeyd edəcəyini deyənlər cavab verənlərin 67%-ni, qonaq getməyi və qonaq qəbul etməyi düşünənlər isə respondentlərin 9%-ni təşkil edib.
Sorğu iştirakçılarının 4%-i bayramda rayona gedəcəyini, 3%-i yeni ili ölkə xaricində qarşılayacağını, 17%-i isə bayramı qeyd etməyəcəyini vurğulayıb.
Sorğunun nəticələri əsasında cavab verənlərin bayram hədiyyələrinə xərcləyəcəkləri məbləği də müəyyənləşdirmək mümkün olub. Belə ki, respondentlərin 55%-nin bayram hədiyyələrinə xərcləyəcəyi məbləğin həcmi 50 manata qədərdir.
İştirakçıların 24%-i yeni il hədiyyələrinə 50-100 manat, 11%-i 100-200 manat, 4%-i 200-300 manat, 6%-i 300 manatdan çox vəsait ayıracağını bildirib.
Gələn ildən gözlənti və istəklər
Respondentlərin 32%-nin növbəti ildən gözləntisi iqtisadiyyatda və əhali gəlirlərində artımdır. Sorğu iştirakçılarının 32%-i 2022-ci ildən “COVID-19”a qarşı qələbə, 17%-i işğaldan azad edilən ərazilərə ilk köçürülmə prosesinin reallaşmasını gözləyir. Cavab verənlərin 17%-nin növbəti il üçün xüsusi gözləntisi yoxdur.
Gələn ildə pandemiyaya qalib gəlməyin mümkünlüyü ilə bağlı suala respondentlərin cavabı aşağıdakı kimi olub:
Virusun yeni mutasiyası fonunda inanmaq çətindir – 23%;
Vaksinləşmə virusu lokallaşdıra bilər – 13%;
Virusa qalib gəlmək vətəndaşların qaydalara əməl etməsindən asılı olacaq – 31%;
Pandemiya növbəti ildə də davam edəcək – 33%.