Azərbaycanda 2026-cı ilin dövlət büdcəsi zərfinə aid olan qanunlar arasında yaşayış minimumunun dəyişdirilməsi də nəzərdə tutulur.
FED.az xəbər verir ki, ümumilikdə bu anlayış sosial vəziyyəti əks etdirən göstərici olsa da, yaşayış minimumunun maliyyə sektoruna aid olan tərəfi də var.
Qanunvericiliyə əsasən, yaşayış minimumunun məbləği, əhalin sosial şəraiti ilə yanaşı, borclu vətəndaşlardan borcun qaytararılan hissəsinin hesablanmasında da istifadə edilir.
Tanınmış vəkil, adətən vətəndaşların maliyyə sektoru üzrə hüquqlarının qorunması ilə məşğul olan hüquqşünas Əkrəm Həsənov bu məsələyə diqqəti çəkib.
Onun sözlərinə görə, yaşayış minimumunun artırılması, borclu vətəndaşların gəlirindən borca görə tutulan məbləğə də təsirini göstərəcək. Bu məbləğin artması borcludan tutulan məbləğin bir qədər azalmasına səbəb olacaq.
Əkrəm Həsənov yazır:
«Yeni ildən yaşayış minimumu ölkə üzrə 300 manat (hazırda 285), əmək qabiliyyətli əhali üçün 317 manat (hazırda 305), pensiyaçılar üçün 245 manat (hazırda 232), uşaqlar üçün 260 manat (hazırda 246) məbləğində müəyyən olacaq. Azdır? Əlbəttə ki, azdır. Bu pulla ay ərzində dolanmaq olar? Əlbəttə ki, olmaz!
Lakin borclu vətəndaşların çoxuna hətta bu cüzi məbləği də çox görürlər. Sağlam məntiqlə nə qədər borcun olursa-olsun, sənə və himayəndə olan şəxslərə gəlirinin heç olmasa yaşayış minimumu hissəsi saxlanılmalıdır. Yəni məhkəmə və icra məmurları borclu vətəndaşdan tələbkarın (bank və s.) xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər.
Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, 2026-cı ildə onların yaşayış minimumu 1154 (317+317+260+260) manat olacaq. Deməli, vətəndaşın xalis (əlinə aldığı) gəliri (əmək haqqı) 1154 manatdan məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 1200 manatdırsa, ayda cəmi 46 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa). Söhbət pensiyaçıdan gedirsə, onun 245 manatı toxunulmaz qalmalıdır.
Çünki “Yaşayış minimumu haqqında” Qanunun 2-ci maddəsinə əsasən yaşayış minimumundan o cümlədən bu məqsəd üçün istifadə olunur: “fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında”. “İcbari ödəniş”in tərifi qanunvericilikdə yoxdur. Buna görə də vətəndaşdan məhkəmə və ya icraçının qərarı əsasında məcburi tutulan hər hansı məbləğ icbari ödənişdir (əks mövqe varsa, hüquqi akta istinadən əsaslandırılmalıdır). İcbari ödənişi yalnız dövlət orqanı (fərqi yoxdur: qanunverici, icra, yoxsa məhkəmə hakimiyyəti orqanı) tuta bilər, təbii. Bizim halda bu, məhkəmə və ya icra məmurudur. Sözügedən Qanun da əsas verir ki, vətəndaş yaşayış minimumundan həmin icbari ödənişə cəlb edilməyən həddin əsaslandırılmasında istifadə etsin. Bu hüquqi arqumentə əsasən borclular haqqını tələb edə bilər.
Məntiqi baxımdan da bu belədir. Yaşayış minimumunun mahiyyəti nədir? İnsanın aylıq zərurətini təmin edən məbləğ. İnsan həmin məbləğlə təmin edilmirsə, nə etməlidir, acından ölməlidir? Yaşayış minimumu – statistik göstərici deyil! Qanunun tələbidir! Qanununun tələbinin isə hüquqi nəticəsi olmalıdır. Əks halda, bu, qanun deyil, bəyanatdır. Milli Məclis Qanun qəbul edib, Prezident onu imzalayıb. İndi Prezident və parlament deyirsə ki, vətəndaşa ayda ən azı bu qədər pul lazımdır, kiminsə (məsələn, bankların) xoşuna gəlsin deyə, biz əksinimi deyək?
Lakin reallıqda icra məmurları borclu vətəndaşların gəlirinin yarısını tutaraq yaşayış minimumuna hüququnu pozur, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də buna göz yumur. “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Yəni gəlirin mütləq yarısı tutulmalı deyil. 50% maksimal məbləğdir. Yaşayış minimumu toxunulmaz olmalıdır!
Odur ki, sizdən (himayənizdə olan şəxslərlə bərabər) yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edin, haqqınızı tələb edin. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin. Nəinki məhkəmədə iddia qaldırın, habelə Qanunu qəbul etmiş Milli Məclisə və onu imzalamış Prezidentə şikayət edin. İrəli!»










