Bu həftə məhdudiyyətlərin tətbiq olunduğu ərazi klasterlər üzrə narıncı sahə, növbəti həftə isə bütün ölkə ola bilər.
FED.az "azərtac"a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, məhdudiyyətlər böyük şəhərlərlə yanaşı, epidemioloji vəziyyətdən asılı olaraq bəzi kəndlərdə də tətbiq olunacaq, eyni zamanda, bütün rayon olmasa da, lokal olaraq yoluxma dərəcəsi yüksək olan kəndlərdə də həftə sonu karantin tədbirləri həyata keçiriləcək: “Bir necə gündür ki, bəzi kəndlərə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə gediş-gəliş məhdudlaşdırılıb. Həmin kəndlərdə müayinənin nəticəsi pozitiv çıxan şəxslər xəstəxanalara yerləşdirilib, müayinənin nəticəsi neqativ çıxanlar isə karantin rejimində saxlanılır”.