Rusiya Federal Statistika İdarəsi Yeni İl süfrəsinin dəyərini hesablayıb. Məlum olub ki, ölkə paytaxtı Moskvada 4 nəfərlik ailənin bayram süfrəsi 7 476, 26 rubla başa gələcək. Bu da manat ekvivalenti ilə 214,5687 manat deməkdir. Onu da nəzərə çatdıraq ki, bayram süfrəsinə meyvə, tərəvəz, çörək, toyuq, kolbasa, iki növ salat, şokolad, tort, kürü, mineral, eləcə də, qazlı su, təbii şirə, balıq delikatesi, pendir, balıq konservi, qurudulmuş ət, araq, çaxır və sair daxil olmaqla 29 təam daxil edilib.
Maraqlıdır, Azərbaycanda bayram süfrəsi neçəyə başa gələcək?
Düzdür, Dövlət Statistika Komitəsi hələlik belə bir hesablama aparmayıb. Lakin statistikaya əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6 faiz artıb.
Bu ay istehlakçıları hansı bazar “surprizlərinin” gözlədiyini deyə bilmərik. Ancaq marketlər, bazarlar, şühbəsiz ki, ilin 11 ayı gözlədikləri fürsəti dəyərləndirib, qiymətlərə "əl gəzdirəcəklər".
Həmişə olduğu kimi, Yeni ili ev şəraitində keçirənlər də olacaq, restoranda qarşılayanlar da. Əvvəlcə restoranları götürək. Xidmət sektorunun bu seqmentində qiymətlər ötən illə müqayisədə bahalaşıb. Ortabab restoranda bayram günü standart menyunun 1 nəfər üzrə qiyməti 50-100 manatdan başlayır. Əyləncə zamanı müştərinin arzu-istəklərinin dəyəri də əlavə hesablanır.
Ev şəraitində bayram keçirənlərə gəlincə, Rusiya Statistika Komitəsinin hesablamalarından bəhrələnib 4 nəfərlik ailənin bayram süfrəsini hesabladıq.
Süfrənin komponentlərinə plov, dolma, salat, desert kimi tort və meyvə daxili etdik. Aşağıdakı mənzərə alındı:
Plov
Yüksək keyfiyyətli düyü – 1 kq – 3,6 manat
Kərə yağı – 18 manat
Qaysı – 8-10 manat
Kişmiş – 7-14 manat
Şabalıd – 7 manat
Gavalı – 7 manat
Soğan – 0,8 manat
Quzu əti – 12 manat
Dana əti - 11 manat
Sarı farel - 17 manat
Yeni İl süfrəsinin əsas təamı hesab edilən hindinin dəyərinə gəlincə, çəkisindən asılı olaraq 50 manatdan başlayır və 80 manata qədər yüksəlir.
Salat
Yeni il süfrəsində ailələrin mütləq əksəriyyəti “paytaxt” salatına üstünlük verdiyindən, onun maya dəyərini hesablayaq:
5 ədəd yumurta – hər biri 14 qəpikdən
Kartof – 1 manat/kq
Kök – 1,6 manat/kq
Yaşıl noxud - 1,80 manat
Mayonez – 700 qr 3 manat
Dolma
Qoyun əti – 12 manat/kq
Yarpaq – 4 manat
Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək, 4 nəfərə çatacaq dolmanı ən yaxşı halda 27-28 manata hazırlamaq olaq.
Tort
Götürək “ballı tortu”. Ev şəraitində bu şirniyyatı hazırlamaq xammalın qiymətləri də daxil olmaqla, 20 manata başa gəlir.
Meyvə
Alma – 1 manatdan başlayaraq 4 manata qədər
Naringi – 1,5 manat
Üzüm – 4,5 manat
Xurma – 1,5 manat
Portağal – 2 manat
Armud – 2,80 manat
Nar - 2- 6 manat arasında dəyişir
Banan – 2,60 manat
Tərəvəzlər
Xiyar – 2 manat
Pomidor – 3 manat
Göyərti dəstəsi – 0,2 manat
Çərəzlər
Qoz – 20-28 manat
Fındıq – 16-24 manat
Qaysı –10 manat
Kişmiş – 7-14 manat
Çörək
50 qəpik - 1 manat
Göründüyü kimi, 1 günlük bayram süfrəsinin dəyəri 2017-ci il üzrə hesablanan əmək qabiliyyətli əhali üçün 164,5 manatdan yüksəkdir. Səbətə ən aşağı qiymətlərlə spirtli, eləcə də, spritsiz içkiləri, şirələri əlavə etsək, süfrənin dəyəri ən kobud hesablamalarla 200 manatı ötür.