Gələcək əhali sayının, eləcə də əhalinin yaş qrupları üzrə bölgüsünün müəyyən edilməsi ərazilərdən istifadə, mənzil təminatı, ictimai nəqliyyat sisteminin sərnişindaşıma imkanları, mühəndis və xidmət təminatı infrastrukturu kimi əsas şəhər alt sistemlərinin müəyyən edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
FED.az xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planı 2040-cı ildə Bakı şəhərinin əhalisi ilə bağlı proqnozlarında qeyd edilib.
“Bakı şəhərinin gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınmış, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib. Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib”, - deyə məlumatda bildirilib.
Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvarın 1-inin göstərcisinə görə Bakının rəsmi əhalisi 2 mln 230 min təşkil edib. (Report)