İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb.
FED.az Bakı şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.
Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.
2017-ci ilin doqquz ayında qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1 boşanmaların sayı isə 2,2 olub.