Paytaxtın mərkəzi küçələrində və ətraf qəsəbələrində yerləşən bəzi villa, bağ evi və mənzillərin qiyməti milyon manatlarla ölçülür. FED.az olaraq həmin mənzillərin qiyməti, satış şərtləri və bu bazardakı ümumi vəziyyət ilə maraqlandıq. İlk olaraq milyonlarla manata satışa çıxarılan həmin villa, bağ evi və mənzillərdən bir neçəsini təqdim edirik.
Şüvəlanda bağ evi – 5,5 milyon manat
Bu 4 mərtəbəli bağ evinin ümumi sahəsi 1750 kvadratmetrdir. Fərdi arxitektura layihəsi əsasında inşa edilmiş evdə 3 yataq otağı, 2 salon, 2 mətbəx, 6 san/q., sauna, fitnes salonu, bar, qazanxana, anbar, xidmətçi otağı, iş otağı, camaşırxana var. Bundan başqa, ev mərkəzləşdirilmiş istilik sistemi, yerdən isitməli mərmər, evə daxil olan ümumi su xəttinə qoşulmuş təmizləyici su filterləri ilə, hər bir otaq isə kamin, kondisioner və televizorla təchiz olunub. Həyətdə isə 1 mərtəbəli xidmətçilər üçün nəzərdə tutulmuş ev və 4 maşınlıq qaraj, 150 tonluq su çəni, hovuz, eyni zamanda, qonaqlar üçün düşünülmüş iki mərtəbəli ev var.
Mərdəkanda villa –3,5 milyon manat
Bu 4 mərtəbəli bağ evi 37 sotluq ərazidə yerləşir və ümumi sahəsi 750 kvadratmetrdir. 9 otağı, 6 s/q-ğı olan bu evdə sauna, bilyard zalı, meyvə ağacları olan bağça, hovuz, qaraj, əlavə olaraq mühafizəçi və qonaqlar üçün nəzərdə tutulmuş ayrı evlər var. Bundan başqa, ev mərkəzləşdirilmiş istilik və su sistemləri, hər bir otaq isə kondisionerlə təchiz olunub.
«Gənclik»də super villa – 8 milyon manat
Bu 2 mərtəbəli villanın ümumi sahəsi 1500 kvadratmetrdir. 13 sot əraziyə sahibdir. 7 otaqlıdır. Yarı zirzəmisi, hovuzu, par və türk hamamı,camaşırxanası, idman zalı və həyətdə yay mətbəxi var.
Həsən Əliyev küçəsində villa – 6 milyon manat
Əslində bu tikiliyə qəsr demək daha doğru olar. 4 mərtəbəli bina 28 sotluq ərazidə inşa edilib. Belə böyük torpaq sahəsini nəinki Bakının mərkəzində, həta ucqarlarda da tapmaq müşkül məsələdir. Ümumi sahəsi 2100 m2 olan evdə 48 otaq, düz 30 maşınlıq qarajı var.
İçərişəhərdə mənzil –2,2 milyon manat
Ümumi sahəsi 970 kvadratmetr olan bu 17 otaqlı bu mənzil təmirsizdir. Mənzildə sauna, hovuz, par hamamı var.
«ROSE VİLLE»də mənzil –2 milyon manat
Şəhərin mərkəzindəki inanılmaz gözəl yaşayış kompleksi olan «ROSE VİLLE»də, binanın 7-ci mərtəbəsindəki bu 5 otaqlı mənzilin ümumi sahəsi 400 kvadratmetrdir. Bu mənzilin müştərilərini yüksək keyfiyyətli və bahalı materiallarla edilən təmir cəlb etməlidir. Kompleksin özündə isə elit yaşayış üçün tələb olunan bütün şərait yaradılıb.
“Port Baku”da mənzil –2,5 milyon manat
Bakının ən bahalı yaşayış komplekslərindən olan “Port Baku” gözəl dizaynı ilə yanaşı, buradakı şişirdilmiş qiymətləri ilə də məşhurdur. 32 mərtəbəli binanın 11-ci mərtəbəsindəki 4 otaqlı mənzilin sahəsi 275 m2-dir. Mənzil tam təmirlidir və əşyaları ilə birlikdə satılır.
Neftçilər prospektində mənzil –2,55 milyon manat
Bu 5 otaqlı mənzilin ümumi sahəsi 360 kvadratmetrdir. 4 yataq otağı var. Mənzil parketlə döşənib. Təmirlidir. Mətbəx mebeli ilə birlikdə satılır. Evdə kombi, bilyard otağı var. Dəniz mənzərəlidir.
Bahalı evlərini satanlar artıb
Mənzil satışı ilə məşğul olan Kamal Qasımov deyir ki, son vaxtlar belə evləri satanların sayı artıb. Səbəbi iqtisadi böhran və ev sahiblərinin artan xərcləridir: «İmkanları yaxşı olanda alırlar, böhran olanda evi saxlaya bilmirlər. Yeni bir iş qurmaq istəyən və ya evi xərcinə görə saxlaya bilməyənlər bahalı evlərini satırlar. Çünki onların kommunal xərcləri də çox olur. İndi daha çox xarici ölkələrdə - Türkiyədə, Rusiyada ev almaq istəyirlər”.
Bəzi maklerlər isə bildirir ki, bahalı ev satnların bir hissəsi xarici ölkələrdə iş qurmaq istəyənlər və ya daha ucuz ev almaq istəyənlərdir. Onlar bu pulla bir neçə ucuz ev alıb yatırım edirlər.
«Çoxları pulunu belə evlərə xərcləmək istəmir»
Belə evlərin alıcıları da azalıb. Maklerlər bildirir ki, əslində bahalı evlərin alıcıları əvvəllər də çox deyildi. Çünki bu qələr pulu olan adamlar da azdır. Belə evlərin satışı ilə məşğul olan İskəndər Abdullayev bildirir ki, son vaxtlar isə onların sayı daha da azalıb: «Düzdür, belə evlərin də öz alıcıları var, amma son illər qiyməti milyonlarla manata olan evlərə tələbat azalıb. Çox adam pulunu belə evlərə xərcləmək istəmir».
«Bəzən belə evləri sadəcə barter edirlər»
Bahalı evlər üçün alıcıların az olması onların satışının uzun müddət davam etməsinə səbəb olur. Amma əksinə hallar da olur: «Elə evlər var ki, 6-7 ay, hətta ilnən satılmır, amma eləsi də var ki, 3 günə satılır. Bu da alıcının və satıcının şərtlərindən asılıdır».
Nəticədə ev sahibləri tez satmaq üçün böyük enirimlər etməli olurlar: «Bahalı evin qiymətində endirim böyük olur. Elə olur ki, evini milyon manata satışa çıxaranlar 100 min manatlarla endirim edirlər»-deyə maklerlər bildirir.
Digər bir makler Tural Əhmədzadə saytımıza açıqlamasında bildirdi ki, böyük həcmli endirimlər olmur, amma qiymət fərqli qoyulur: «Əvvəllər 100 minlik evi satışa 130 min manata qoyurdular. Sonra gördülər ki, qiymət yuxarı olduğu üçün satılmır. İndi isə qiymətin üzrəinə 30 min yox, 10 min qoyub satırlar. Belə olan halda ev daha tez satılmış olur. Amma bəzən olub ki, 450 min manatlıq ev 330 min manata qədər endirilib, 1 milyon 100 minlik ev isə 785 min manata satılıb».
Yeri gəlmişkən, T.Əhmədzadənin sözlərinə görə, bahalı evlərin qiyməti son aylarda 20-25% ucuzlaşdığı üçün, bu kimi evlərin alıcıları da artıb.
Bəzən isə belə evlər sadəcə barter edilir – bir bahalı evin əvəzinə iki əmlak, ya da çoxsaylı kiçik mənzillər verilir.
Bahalı evləri ərəblər alır
Son vaxtlar Azərbaycana ayaq açmış xarici vətəndaşlar, xüsusilə də ərəblər və digər şərq ölkələrindən gələnlər bahalı evlər sektorunda da fəallaşıblar.
Bahalı evlərə yerlilərlə yanaşı, xarici vətəndaşlar da maraq göstərirlər. «Bahalı evlərin alıcının 70%-ni xaricilər, xüsusilə də ərəblər, türkiyəlilər, iranlılar, 30%-ini isə yerli əhali təşkil edir»-deyə T.Əhmədzadə bildirir.
Alıb hotelə çevirirlər
Belə evləri alanlar həm mənzil kimi, həm də obyekt və hotel kimi istifadə etmək üçün alırlar.
Bakıda ən bahalı evlər Azərbaycan prospektində, «Gənclik» metrosunun yaxınlığında, «Vorovski» adlanan ərazidə, İnqilab prospekti, Həsən Əliyev küçəsi, Heydər Məscidinin ətrafında yerləşir.
Bakıda milyonluq villaları barterlə satırlar – QİYMƏTLƏR, ŞƏRTLƏR
12:23
8 Dek 2017