Xəbər verildiyi kimi, aprel ayı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Təmizlik ayı” elan olunub. Bununla bağlı şəhərin bütün rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
İcra hakimiyyətindən bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib. Araşdırma zamanı məişət tullantılarının buraya “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib. Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılıb, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün şəhərimizin təmizliyi, abadlığının lazımi səviyyədə saxlanılması üçün çox böyük işlər görülür. Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Bu reydlər şəhərin təmizliyinin qorunması üçün hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək.