Azərbaycanda pensiya islahatları 2000-ci illərin əvvəllərindən başlayıb indiyədək davam etsə də, yığım əsaslı pensiya sistemini qurmaq mümkün olmayıb.
Buna edilən cəhdlər nəticə verməyib və 2017-ci ildə faktiki olaraq bu yanaşmadan imtina edilib.
Halbuki, yığım əsaslı pensiya sistemindən təkcə vətəndaşlar – potensial pensiyaçılar deyil ölkə biznesi də və bankları da faydalana bilərdi. İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, pensiya sisteminin əhali üçün böyük üstünlüklər yarada bilən dəyişiklik Azərbaycanda olmasa da, Gürcüstanda qısa müddətdə həyata keçirilib. Artıq bu sistemlə toplanan pullar investisiya kimi istifadə edilir.
R.Ağayev yazır:
«Azərbaycan hökuməti yığım əsaslı pensiya modeli yarada bilmədi. Halbuki 2001-2014-cü illər arasında qəbul edilmiş 2 pensiya islahatı konsepsiyasında, həmçinin 2006-cı ildə qəbul edilmiş "Əmək pensiyaları haqqında" qanunda yığım modelinə keçid hədəflərdən biri kimi müəyyən edilmişdi.
2017-ci ilin iyulunda pensiya qanunvericiliyinə dəyişikliklə faktiki olaraq yığım modeli planından vaz keçildi. Belə ki, qanuna edilən dəyişiklik (1.0.9-cu maddə) yığım elementinin tətbiqini hökumətin üzərindən götürüb və icbarilikdən çıxarıb könüllü elan etdi. Könüllü yığım üçün isə Azərbaycanda zəruri institut və mexanizmlər yoxdur. Həm də könüllük o deməkdir ki, buna yalnız işçi özü ayırma edəcək - dövlət və işəgötürənin hansısa töhfəsi olmayacaq.
2017-ci ilədək qüvvədə olna mexanizmun mahiyyəti bu idi ki, hökumət hazırda maaş fonduna görə ödənən 25%-lik sığorta ödənişinin hansısa hissəsini, yaxud buna əlavə olaraq hansısa faizi yığım elementi üçün nəzərdə tutmalı idi. Yığım elementinin olması isə o demək olacaqdı ki, hazırda işləyənlərin icbari, yaxud könüllü qaydada ödədikləri sosial sığorta haqqı cari pensiya xərclərinə sərf olunmur və əlavə gəlir əldə etmək məqsədi ilə müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur.
Eyni zamanda, qanunla edilən müyyən müddətdən sonra yığım edən şəxs həmin vəsaiti götürüb istifadə edə biləcəkdi, yaxud vəfat etdiyi halda varislərinə çatacaqdı. Məsələn, hazırda Estoniyada ən azı 10 il sığorta stajı olan şəxs yığım kapitalından istifadə hüququna sahibdir - öz əmanəti kimi istənilən ehtiyacı üçün götürüb istifadə edə bilər.
Bizim uğursuzluq hekayəmizi niyə yazdım?
Gürcüstan cəmi 2 il ərzində yığım pensiya kapitalının həcmini 190 mln. dollardan 700 mln. dollara çatdıra bilib. 2020-2021-ci illərdə pensiya kapitalının investisiya fondları tərəfindən idarə olunması nəticəsində fondun gəlirliliyi 32% olub. İnflyasiya nəzərə alınmadan real gəlirlilik 5% ətrafında olub. Yəqin 3-5 ildən sonra baxıb görəcəyik ki, kiçik Gürcüstanın 3-5 mlrd. dollarlıq investisiya təyinatlı pensiya fondu var.
Yığım pensiya sistemi bir tərəfdən ədaləti təmin edir - insan pensiya hüququ qazanmadan həyatdan getdirsə, yığım hissəsindəki vəsaiti varisləri ala bilir. Digər təfəfdən, yığım hissəsi investisiya vəsaiti kimi iqtisadiyyatın sərmayə ehtiyaclarını qarşılaya bilir.
Yeri gəlmişkən, Gürcüstanda yığım hissəsinin formalaşması üçün işçi, işəgötürən və dövlət hər biri maaş fondunun 2%-i qədər (cəmi 6%) ayırma edir - amma illik maaş mələği 24 000 lariyə qədər (8 min dollar) olduqda. Bu məbləğdən yüksək olduqda isə dövlətn töhfəsi 1%-ə düşür (ümumi ayırma tarifi 5% olmaq şərtilə).