Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabineti hələ ötən ilin dekabrında bu barədə qərar verib.
Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
İqtisadçı-ekspert Qubad İbadoğlu bildirir ki, aksiz vergisinə cəlb edilən idxal mallarının aksiz dərəcələrinin dəyişdirilməsi və bu dəyişikliyin bu sahədə fəaliyyət göstərən sahibkarların işinə təsiri olduğuna görə qərar verilməsindən 30 gündən sonra, yəni bu gün qüvvəyə minib:
“Bu ona görə edilir ki, həmin müddət ərzində sahibkarlar fəaliyyətlərini yeni qərarın tələblərinə uyğunlaşdırsınlar. O ki qaldı qərarın istehlak bazarında qiymətlərin səviyyəsinə təsirinə, əvvəla, onu qeyd edim ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir.
Qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium - 98 markalı benzin markaları idxal olunsa da bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər”.
Ekspert deyir ki, siqaretlərə və siqarlarda qiymət artımı labüddür:
“Lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq. Üçüncüsü, alkoqollu içkilər, o sıradan pivə, üzüm çaxırı, viski, rom cin , araq, likörlər və digər spirtli içkilərin idxalına aksiz dərəcələri qaldırıldığından onların da qiyməti bu gündən etibarən artacaq”.
Siqaret 25% bahalaşacaq
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan gətirilən tütün və tütün məmulatlarının, spirtli içkilərin satış qiymətlərinə 25% təsir edəcək:
“Bir çox hallarda idxal mallarının aksiz dərəcələrinin artırılmasının xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi irəli sürülür. Bildirilir ki, bunun yerli istehsala təsiri olmayacaq. Lakin bu, heç də belə deyil. Düzdür, əsas artım xaricdən gətirilən məhsullarda olacaq. Amma spirtli içki istehsal edən yerli müəssisələrin bir çoxunda xammal xaricdən gətirilir. Xammalın da aksiz vergisinin artırıldığını nəzərə alsaq, yerli istehsal olan spirtli içkilərin qiymətlərinin 10-15 % artması gözlənilir”.
Ekspertə görə, bu gündən başlayaraq hissə-hissə qiymətlərin artımını müşahidə edəcəyik:
“Əsas artım yeni partiyanın idxalından sonra baş verəcək. Növbəti ayın əvvəlindən satışa çıxarılan xarici istehsal tütün və tütün məmulatlarının, spirtli içkilərin qiymətləri bahalaşacaq”.