Artıq neçə ildir ki, mağazalarımız “qara cümə”də satış həyata keçirməyə çalışır. Noyabrın 23-də paytaxt mağazalarına getməyə dəyərmi və bu gündə endirim nə dərəcə realdır?
FED.az xəbər verir ki, Bakıdakı multibrend mağazalardan birinin meneceri Anar Kərimov Media.Az-a verdiyi açıqlamada şəbəkəyə daxil olan səkkiz mağazadan ikisinin “qara cümə”də endirim elan etdiyini deyib.
“Etiraf etməliyəm ki, endirimlər simvolik xarakter daşıyacaq – yəni cəmi 10 faiz... Böyük endirimlərə imkan verə bilmərik, çünki əksər mallar yenidir, köhnə mallarımız isə yoxdur. Mallarda endirim bir yox, dörd gün - bu gündən başlayaraq, bazar günü də daxil olmaqla davam edəcək”, - A.Kərimov qeyd edib.
Öz növbəsində, Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev bildirib ki, Azərbaycanda “qara cümə” xüsusilə gözlənilmir, ondan ancaq gənclər xəbərdardır.
Bundan başqa, onun sözlərinə görə, alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyinə öyrəşiblər. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır.
Ağayev “kütləvi tələbat”ın azalmasını gözləməyi və bir neçə gün sonra “soyuq başla” lazımi malları almağı məsləhət görüb.
“İnanın mənə, qiymətlərdə fərqləri hiss etməyəcəksiniz”, - N.Ağayev qeyd edib.
Eyni zamanda, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu günlərdə satıcılar keyfiyyətsiz malları satmağa çalışır.
“Azərbaycanda “qara cümə” vaxtı alıcıların aldadılmasının şahidi oluruq. Bir neçə ildir ki, paytaxtımızın bəzi mağazaları satış həyata keçirir və insanlara sıradan çıxan malları satırlar. Bununla yanaşı, onlar alıcıları xəbərdar edirlər ki, endirimdə olan və alınan mallar geri qaytarılmır, ancaq bu, qanun pozuntusudur”, - ekspert əlavə edib.