Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində keçirdiyi seminarda bildirilib.
Tədbir “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub. Seminarda Xidmətin Yevlax, Goranboy, Naftalan rayonlarını və Mingəçevir şəhərini əhatə edən 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlər iştirak edib.
Qeyd olunub ki, əmək qanunvericiliyi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, işçilər arasında cinsi ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Tədbirdə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər barədə məlumat verilib. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının və ezamiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə çatdırılıb.
Xidmət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.