Bir neçə gün əvvəl şair-publisist Murad Köhnəqalanın birinci evliyindən olan övladları üçün məhkəmə tərəfindən müəyyən edilən, amma ödənilməyən 12 min manata görə həbs edilməsi ölkədə aliment problemini yenidən gündəmə gətirib. Hər zaman aktual olan aliment ödəməməklə bağlı qanunvericilik tələbləri nədir?
FED.az xəbər verir ki, Modern.az-ın bu qəbildən olan suallarını Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov cavablandırıb.
- Seymur müəllim, aliment ödəməməklə bağlı qanunvericilik müddəlarında hansı cəzalar nəzərdə tutulub?
- Qanunvericilikdə aliment ödəməməklə bağlı normalar müəyyən edilib. Bu normalara görə, aliment ödəməyən valideynlər üçün bir neçə cəza tədbiri nəzərdə tutulub. Belə ki, valideyn alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilə və həbs oluna bilər. Cinayət Məcəlləsində aliment ödəməyən valideyn barədə məhkəmə hökmünü və qərarını icra etməməklə bağlı məsuliyyət nəzərdə tutulub. Eyni zamanda, həmin valideynin ata, yaxud ana olmasından asılı olmayaraq, alimenti ödəmirsə, məhkəmədə Ailə Məcəlləsinin 64-cü maddəsilə onun valideynlik hüququndan məhrum edilməsilə bağlı cavabdeh, yaxud iddiaçı tərəfindən iddia qaldırıla bilər. 64-cü maddənin tələbindən biri də odur ki, valideynlər alimenti qəsdən ödəmədikdə valideynlik hüququndan məhrum edilə bilərlər. Bu isə məhkəmə qaydasında həyata keçirilir.
- Valideynin maddi vəziyyəti minimum aliment məbləğini ödəməyə imkan vermədiyi halda, hansı qərar qəbul oluna bilər?
- Bütün bunların hamısı məhkəmə predmetidir. Ümumiyyətlə, alimetlə bağlı məhkəməyə müraciət olunanda, məhkəmə aliment ödəyəcək şəxsin bütün imkanlarını, gəlirlərini araşdırır və nəzərə alır. Hazırda minimum aliment 160 manat miqdarında müəyyən olunub. Məbləğin yuxarı, aşağı həddi məhkəmə qaydasında müəyyən olunur.
- Təcrübədə elə bir hal olubmu ki, maddi vəziyyəti nəzərə alınaraq, valideynə aliment kəsilməsin?
- Xeyr. Belə hal mümkün deyil. Aliment uşağın saxlanması üçün olan tələbdir. Əsas məqsəd uşaq üçün lazım olan dolanışıq xərclərinin təmin edilməsidir. Aliment bilvasitə uşağın xərcləri kimi ödənilir. Ona görə də aliment mütləq şəkildə kəsilməli və ödənməlidir.
- Bəs, qarşı tərəfin illərlə aliment ödəməyən valideynlə bağlı, hətta övladı 18 yaşını tamamlasa belə, məhkəməyə müraciət edib əvvəlki illərdə ödənilməmiş alimenti tələb etmək haqqı varmı?
- Bəli, var. Amma bu, mübahisə predmetidir. Çünki illərlə yığılıb qalmış alimentin birdəfəyə ödənilməsi çox çətin haldır. Cavabdeh tərəf bunu özü müəyyən etməlidir. Tutaq ki, 18 yaşadək aliment ödənilməyib və övladı 18 yaşını tamamlayandan sonra məhkəməyə müraciət edib əvvəlki illərdəki ödənilməmiş alimeti tələb etmək absurdur. Hər bir ailə quran cütlük dərk etməlidir ki, əgər boşanma varsa, aliment də var. Bunun məsuliyyətini hər bir vətəndaş dərk etməlidir. Heç kəs bundan azad ola bilməz. Çünki bu tələb uşağın yaşantısı üçün tələb olunan vəsaitdir.
- Komitəyə alimetlə bağlı mübahisəli məsələlərlə müraciətlər çox olur?
- Bilirsiniz, bu gün məhkəmə proseslərində ən çox baxılan işlərdən biri də alimentlə bağlı mübahisəli məsələlərdir. Eyni zamanda, Komitəyə də alimentin ödənilməməsilə bağlı çoxsaylı müraciətlər olur. Biz də həmin vətəndaşlara dəstək üçün müvafiq orqanlara müraciət edirik.
- Əksəriyyət aliment deyəndə, ödənişin kişilər tərəfindən ediləcəyini düşünür. Amma qanunvericiliyiə görə, uşaq kimdə qalırsa, alimenti qarşı tərəf ödəməlidir, ata, yaxud analığından asılı olmayaraq. Bu baxımdan aliment ödəməyə vadar edilən anaların sayı neçə nəfərdir təxminən?
- Bəli, aliment təkcə kişilərə xas, onların ödəyəcəyi ödəniş forması deyil. Məhkəmə qərarına əsasən, uşaq hansı valideynində qalırsa, qarşı tərəf ona aliment ödəyir. Əksəriyyət kişilər təşkil etsə də, aliment ödəyən qadınlar da var.