2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin sayı 0,7% və ya 65,292 min nəfər artıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrın 1-nə respublika əhalisinin sayı 9 mln. 874,273 min nəfərə çatıb.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-sentyabr aylarında ölkə üzrə 107,459 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 1,918-i əkiz, 33-ü isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 43,089 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,9 təşkil edib.
Yanvar-sentyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 47,388 min nikah (azalma 6%) və 10,977 min boşanma halı (artım 14,4%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,299 min nəfər gələn və 1,377 min nəfər ölkədən gedən qeydə alınıb.